Masallıda folklor bayramı başa çatıb

 

   İyunun 15-də Masallı şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin 90 illik yubileyinə həsr edilmiş II Beynəlxalq Folklor Festivalının yekun konserti olub.

   Mədəniyyət və Turizm Nazirliyinin, Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və üç gün davam edən festivalda Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, İran, Türkiyə və Latviyanın folklor kollektivləri istedad və bacarıqlarını nümayiş etdiriblər.

   Yekun konsertdə Masallının “Halay” və “Həcər” folklor kollektivlərinin, Ağdam rayonunun “Qarabağ bülbülləri” və “Şur” ansambllarının, Zaqatalanın “Udulki” rəqs qrupunun, Türkiyə, Gürcüstan, Latviya, Rusiya Federasiyası Dağıstan Respublikasının rəqs qruplarının, İran İslam Respublikasının “Araz” ozan aşıqlar dəstəsinin çıxışları tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılanıb.

   Beynəlxalq festivalda iştirak etmiş bütün kollektivlərə diplomlar, Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edilib.

   Mərasim bayram atəşfəşanlığı ilə başa çatıb.

 

Mədəniyyət.- 2013.- 19 iyun.- S. 8.